Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə naziri Fikrət Məmmədov: Yeni məhkəmə binaları ən müasir tələblərə cavab verir

02 dekabr 2012 | 16:00

Dünya Bankı ilə “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərlə əlaqədar nazirlik tərəfindən dünya təcrübəsi öyrənməklə 4 məhkəmə binasının ən müasir tələblərə cavab verən layihələri hazırlanmış və bu binalar qısa müddətdə inşa edilərək istifadəyə verilmişdir. Bizim üçün xüsusilə əlamətdardır ki, Oğuz və Bakı şəhərinin Yasamal rayon məhkəmələrinin inzibati binalarının açılışında Prezident İlham Əliyev şəxsən iştirak etmişdir. Dövlətimizin başçısı həmin məhkəmələrdə insanların hüquqlarının təmin edilməsi üçün yaradılmış şəraitlə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. Qeyd etməliyəm ki, bu məhkəmə binaları bu gün dünyada mövcud olan ən müasir tələblərə cavab verir.
Bu fikirləri ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Məhkəmə Kompleksinin təməlinin qoyulması münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibəsində bildirmişdir.
Nazir demişdir: “Məhkəmə proseslərinin ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə aparılması üçün bu binalarda hər cür şərait yaradılmışdır. İşlərimizin bu cür uğurla getdiyini görən Dünya Bankı Azərbaycana bu işlərin davam etdirilməsində dəstək vermək təşəbbüsünü göstərmişdir. Dünya Bankı ilə ikinci saziş imzalanmışdır. Layihə çərçivəsində əlavə məhkəmə binalarının inşasına başlanılmışdır.
Bu gün təməli qoyulan Şəki Məhkəmə Kompleksi respublikada inşa olunan ilk məhkəmə kompleksidir. Bu bina öz möhtəşəmliyi və böyüklüyü ilə fərqlənir. Çünki burada 4 məhkəmə fəaliyyət göstərəcəkdir. Bu kompleksdə ən müasir texnologiyalar tətbiq olunacaqdır. Kompleks 2 zonaya - ictimai və inzibati zonalara bölünəcəkdir. İctimai zona vətəndaşlar, inzibati zona isə hakim və məhkəmə aparatı işçiləri üçündür. Bu ona görə belədir ki, hakimlərlə vətəndaşlar arasında qeyri-prosessual münasibətlərin, korrupsiyaya şərait yaradan halların qarşısı alınsın. Bu proseslərin aparılmasında müasir texnologiyalar tətbiq olunacaq, vətəndaşlar burada elektron xidmətlər vasitəsilə hər bir məhkəmədə baxılan iş, qərar haqqında məlumat, həmçinin sərbəst şəkildə məhkəmə proseslərində iştirak etmək imkanı əldə edəcəklər”.
 

Keçidlər