Ulu Öndərin əziz xatirəsi ürəklərdə əbədi yaşayacaq
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar dekabrın 10-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında xatirə tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Ulu Öndərə həsr olunan kitab sərgisi ilə tanış olublar.
Şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirin əvvəlində dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, hər il dekabrın 12-də xalqımız ümummilli lider Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edir. Dahi rəhbər Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin ən böyük dayağı xalq idi. Ulu Öndər ən çətin günlərdə xalqına güvənir, ona arxalanırdı. Dahi rəhbər Heydər Əliyevin şəxsiyyət kimi ən mühüm keyfiyyəti güclü iradə, qətiyyət, prinsipiallıq və böyük inam sahibi olması idi. Hələ öz sağlığında dünya siyasətçiləri onu dünyanın ən nəhəng siyasət adamı hesab edirdilər.
Bildirilib ki, 1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərin məqsədyönlü siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulub, Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.
Tədbirdə bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı xüsusi vurğulanıb.
Tədbir Şəki şəhər 3 saylı uşaq musiqi məktəbinin hazırladığı musiqili-bədii proqramla başa çatıb.