Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bölgə üzrə ilk dəfə günəş enerjisi ilə işləyəcək çoxfunksiyalı idman zalı tikilir

15 dekabr 2014 | 16:00

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki rayonunun Baş Göynük kəndi ərazisində respublikanın şimal-qərb bölgəsində ilk dəfə alternativ enerji ilə işləyəcək çoxfunksiyalı idman zalı tikilir.
Tikinti işlərini həyata keçirən “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin nümayəndəsi bildirib ki, idman qurğusunun elektrik enerjisi ilə təminatı tam olaraq günəşdən alınan enerji hesabına ödəniləcək. Bu məqsədlə binanın damında günəş panelləri quraşdırılacaqdır.
Ümumi sahəsi 1645 kvadratmetr olan, üç mərtəbədən ibarət binada inzibati və məşq otaqları, habelə çoxfunksiyalı idman zalı yerləşəcək. İdman zalında mini futbol, voleybol, basketbol, həndbol, güləş, atletika və digər yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
Hazırda binanın birinci mərtəbəsində beton dayaqların tikintisi başa çatdırılıb və dam örtüyünün quraşdırılması üçün metal konstruksiyalar hazırlanır.
Yeni idman qurğusunun 2015-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər