Şəkili gənclər erkən nikah, narkomaniya, dini radikalizm və digər aktual məsələlərlə bağlı maarifləndiriliblər
Dekabrın 16-da Şəki Şəhər İcra Hakimiyyətində keçirilən maarifləndirici tədbirdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyllərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Aidiyyəti dövlət qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanları rəhbərlərinin, yeniyetmə və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb.
Sonra Şəki şəhər- rayon Polis şəbəsinin xidmət üzrə rəis müavini Rizvan Ramazanovun “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində piyadaların rolu” və digər mövzularda məruzəsi dinlənilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki şəhər-rayon Polis şəbəsinin rəisi Eldar İlyasov, Şəкi rаyоn prокurоru Elmar Camalov, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov və Şəki şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Cumay Kərimov çıxış edib.
Çıxışlarda vurğulanıb ki, dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsinin gənclərlə aparılan işin səmərəli təşkilindən bilavasitə asılıdır.
Tədbirə yekun vuran Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir. Uşaq və yeniyetmələrlə iş ailədən başlanmalı, təhsillə davam etdirilməlidir. Gənc nəsldə vətənpərvərlik hissləri və digər müsbət meyllər uşaq yaşlarından aşılanmalıdır.
E.Usubov vurğulayıb ki, gənclərlə belə mövzularda maarifləndirici tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Çünki yeniyetmə və gənclər daha tez təsir altına düşürlər. Odur ki, gəncləri mənfi təsirlərdən qorumaq, onları düzgün yola istiqamətləndirmək lazımdır.