İpəkçilikdə yeni innovasiyaların tətbiqi məqsədilə elmi araşdırmalara başlanılıb
17 dekabr 2014 | 16:00
Azərbaycanda ipəkçiliyin inkişafında Şəkinin tarixən özünəməxsus yeri və rolu olub. Böyük İpək Yolunun üzərində yerləşməsi Şəkidə bu sahənin təşəkkül tapmasına və inkişafına çox böyük təsir göstərib. Eyni zamanda, ipəkçilik bütün tarixi dövrlərdə şəkililərin həyatında və məişətində özünəməxsus yer tutub.
XVIII-XIX əsrlərdə Şəkidə ipəkçilik özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Şəki ipəyinin şöhrəti nəinki ölkə daxilində, xaricdə də geniş yayılmağa başlayıb. Həmin dövrlərdə bu şəhərdə istehsal edilən ipək məhsulları əsasən Rusiyaya, oradan isə Avropa ölkələrinə ixrac edilirdi. Şəki ipəyi öz keyfiyyəti ilə fərqlənir və xarici bazarlarda yüksək qiymətləndirilirdi.
Bir faktı qeyd etmək yerinə düşər ki, 1829-cu ildə Nuxa (indiki Şəki) şəhərində ilk ipək zavodunun inşa edilməsi burada ipəkçiliyin inkişafının daha da sürətləndirilməsinə stimul verən amil olmuşdu. Bir il sonra zavodda artıq ipək parça istehsalına başlanılmış, istehsal gücünü ildən-ilə artıran müəssisədə 1861-ci ildə 555,2 ton ipək istehsal edilmişdi.
İpəkçiliyin inkişafı Şəkidə ticarətin və sənətkarlığın inkişafına da böyük təsir göstərib, bu bölgə öz ipəyi ilə bütün dünyada məşhurlaşıb. 1931-ci ildə bu şəhərdə keçmiş SSRİ-nin ən böyük ipək sənayesi müəssisələrindən olan Şəki İpək Kombinatı işə salınıb.
Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə - ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində Azərbaycanda, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı yeni mərhələyə qədəm qoyub. Həmin illərdə respublikamızda ildə 5-6 min ton yaş barama istehsal olunur, ondan 350-400 ton xam ipək əldə edilirdi. İpək qurdunun bəslənməsi və barama istehsalı ilə on minlərlə kəndli ailəsi məşğul olurdu. Həmin dövrdə Azərbaycanın ipək sənayesində 14 min nəfərdən çox, o cümlədən Şəki İpək Kombinatında 7 minə yaxın daimi işçi çalışırdı.
Bəs görəsən hazırda bu sahədə real vəziyyət necədir?
Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü AzərTAc-a eksklüziv müsahibəsində bu suala ətraflı cavab verməyə çalışıb.
Elm ocağının rəhbəri bildirib ki, ipəkçiliyin inkişafı üçün, ilk növbədə, zəruri xammal bazası yaradılmalıdır. XX əsrdə dünyada baş verən siyasi proseslər zəminində SSRİ-nin dağılması və Azərbaycanın müstəqil dövlət kimi öz iqtisadi münasibətlərini özünün formalaşdırması, aqrar islahatlar nəticəsində torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi ipəkçilik sahəsinin xammalla təmin edilməsində müəyyən problemlərin yaranmasına səbəb olub. Nəticədə 1982-ci ildə Azərbaycanda 5921 ton barama istehsal olunduğu halda, 2000-ci ildə bu göstərici 57 ton, 2014-cü ildə isə cəmi 10 ton təşkil edib. Buna müvafiq olaraq ipək məhsullu istehsalı da aşağı düşüb.
XXI əsrin qloballaşma və innovasiyalar əsri olduğunu xatırladan alim bu yüzillikdə elmi-texniki tərəqqinin sürətli inkişafının, iqtisadiyyatın bütün sahələrində nanotexnologiyaların tətbiqinin, bazar iqtisadiyyatının tələblərinə cavab verən keyfiyyətli və rəqabətə davamlı məhsulların istehsalının tələb olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Regional Elmi Mərkəzin nəzdində uzun illərdən bəri fəaliyyət göstərən ipəkçilik laboratoriyasında bu illər ərzində istehsalatın tələblərinə cavab verən keyfiyyətli və məhsuldar tut ipəkqurdu sortlarının yetişdirilməsi istiqamətində bır sıra işlər həyata keçirilib, uğurlar əldə olunub.
Y. Şükürlü bildirib ki, hazırda dünyanın bir çox ölkələrində ipəkçilik sahəsində mütərəqqi və prinsipcə yeni, iqtisadi baxımdan daha sərfəli texnologiyalardan istifadə edilir. Tut ipəkqurdunun əvvəlki ənənəvi üsullarla yetişdirilməsi iqtisadi cəhətdən sərfəli olmadığı üçün bu sahədə yeniliyin tətbiq edilməsi zərurəti meydana çıxıb. Bu zərurətin meydana çıxmasının başlıca səbəbi isə hazırda torpağın xüsusi mülkiyyətə verilməsi və tut ipəkqurdunun yetişdirilməsində əsas yemləmə vasitəsi olan tut yarpağı məhsulunun kifayət qədər yetişdirilməməsidir. Torpaq mülkiyyətçilərinin tut bağlarının yerləşdiyi torpaq sahələrini istifadəsiz saxlamaq istəməməsi, eləcə də tut ipəkqurdunun yetişdirilməsi və bəslənməsi prosesində əsasən əl əməyinin tətbiq edilməsi bu sahədə mövcud olan əsas problemlərdir.
Bütün bunları nəzərə alaraq AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ipəkçiliyin inkişafı istiqamətində dünya təcrübəsində mövcud olan bütün mütərəqqi üsul və texnologiyaların araşdırılması, iqtisadi cəhətdən daha səmərəli innovasiyaların öyrənilməsi və Azərbaycanda tətbiqi istiqamətində fəaliyyətlərini gücləndirməyi qərara alıblar. Bu məqsədlə ipəkçiliklə məşğul olan ABŞ, Koreya Respublikası, Bolqarıstan və digər ölkələrin müvafiq təşkilatlarına, mütəxəssislərinə müraciətlər olunub və müsbət cavablar alınıb.
Alim bildirib ki, hazırda həmin ölkələrdə yeni, mütərəqqi üsullarla hazırlanan, tərkibi məxfi saxlanılan qida maddəsindən istifadə etməklə tut ipəkqurdu yetişdirilir və ilboyu barama məhsulu istehsal olunur.
Yeni tətbiq edilən üsulun üstünlükləri barədə məlumat verən Yusif Şükürlü bildirib ki, bu zaman barama məhsulu istehsalında əvvəlkindən fərqli olaraq, mövsümilik aradan qalxır, ilboyu məhsul istehsalı təmin edilir. Tut ipəkqurdunun yemlənməsi prosesində istifadə olunan tut yarpağının əldə edilməsi üçün çəkil bağlarının yaradılmasına ehtiyac qismən aradan qalxır, torpaq sahələri digər kənd təsərrüfatı məhsulları istehsalına yönəldilir. Bu yolla istehsal edilən barama məhsulunun maya dəyəri aşağı düşür, keyfiyyəti isə yüksəlir. Tut ipəkqurdunun ənənəvi üsullarla bəslənməsi və yemləndirilməsi prosesində tətbiq edilən əl əməyi qismən aradan qaldırılır. İstehsalatın barama məhsuluna olan tələbatı müntəzəm olaraq ödənilir. Ən nəhayət, ipək istehsalatında ən önəmli mərhələlərdən biri olan və yüksək enerji tutumuna malik baramanın boğulması və qurudulması prosesi aradan qaldırılır, bu da nəticə etibarilə istehsal edilən ipək sapın maya dəyərinin xeyli aşağı düşməsinə səbəb olur.
Elmi Mərkəzin rəhbərinin bildirdiyinə görə, ipəkçilikdə yeni innovasiyaların tətbiqi ilə əlaqədar Bolqarıstanın Kənd Təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik Təcrübə-Sınaq Stansiyasına edilən müraciətə artıq müsbət cavab alınıb. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin mütəxəssisləri 2015-ci ilin yanvar-fevral aylarında təcrübə mübadiləsi məqsədilə Bolqarıstana ezam edilərək həmin müəssisədə təcrübə keçəcək, tut ipəkqurdunun süni yem tətbiq edilməklə yemləmə texnologiyası ilə tanış olacaq, tələb edilən tut ipəkqurdu cinsini və müvafiq yemləri əldə edəcəklər. Sonrakı illərdə xaricdən gətirilmiş tut ipəkqurdu cinslərinin Şəki Regional Elmi Mərkəzin ipəkçilik laboratoriyasında mövcud cinslərlə seleksiya işlərinin aparılması, yeni cinslərin yaradılması nəzərdə tutulur. Yeni cinslərin bioloji göstəricisi, həmçinin ondan əldə ediləcək ipək sapının texniki və texnoloji göstəriciləri öyrənildikdən sonra istehsalata tətbiqi istiqamətində iş aparılacaq.
Yusif Şükürlü bildirib ki, Azərbaycanın, eləcə də Şəkinin brendi sayılan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bizdən ata-babalarımızdan miras qalmış bu sənət sahəsinin qorunmasını və inkişaf etdirilməsini tələb edir.