Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar başlanır
Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan və Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb.
Dekabrın 17-də Atçılıq Mərkəzində Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar başlanıb.
Dekabrın 22-dək davam edəcək yarışlarda respublikamızın 13 şəhər və rayonunu, 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparır. Bakı şəhəri yarışlarda “Sərhədçi”, “Polad” və “Kövsər” komandaları ilə təmsil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu yarışlar xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə, həmçinin atçılıq turizminin təbliği və inkişaf etdirilməsinə xidmət edir.
Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Çövkən milli oyununun bu siyahıya daxil edilməsi xalqımızın yaratdığı ənənələrin yalnız Azərbaycan deyil, bütün bəşəriyyət üçün də xüsusi önəm daşıdığını bir daha sübut edir. Həmin sessiyada iştirakçıların diqqətinə çatdırılıb ki, ənənəvi Qarabağ oyunu olan çövkən xalqımızın milli adət-ənənələrindən irəli gəlir və milli mənliyin formalaşmasında böyük rol oynayır.
Oyunların ilk günü, dekabrın 17-də Atçılıq Turizm Mərkəzində yarış iştirakçılarının qarşılanması, yerləşdirilməsi, atlara baxış və püşkatma mərasimi keçirilib. Günün ikinci yarısında çövkən oyunu üzrə seçmə yarışlar başlanıb.
Dekabrın 18-də Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunların rəsmi açılış mərasimi keçiriləcək.