Yaponiya hökumətinin qrant yardımı ilə Şəkidə su təchizatı ilə bağlı yeni layihə həyata keçiriləcək
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində tezliklə Şəki rayonunun Suçma kəndində su təchizatı sisteminin tikintisi ilə bağlı yeni layihənin icrasına başlanılacaq. Yeni layihə Yaponiyanın qrant yardımı ilə Şəkidə reallaşacaq sayca 15-ci layihə olacaq.
Dekabrın 18-də “Şəki-Saray” otelində sözügedən layihə üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi iştirak edib.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlığın 2000-ci ildən uğurla davam etdirildiyi diqqətə çatdırıb. Bildirilib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, təhsil, səhiyyə, su təchizatı və ekologiya sahələrini əhatə edən 14 layihə reallaşıb. Yeni imzalanacaq layihə sayca on beşincidir. Bu layihələrin ümumi dəyəri 1 milyon 259 min 897 ABŞ dolları təşkil edir. Bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Səfir Tsuquo Takahaşi gözəl təbiətə və geniş turizm potensialına malik olan Şəkiyə növbəti səfərindən məmnun qaldığını bildirib. Diplomat vurğulayıb ki, Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Yaponiya səfiri proqram çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 16 milyon 540 min ABŞ dolları olan 195 layihə üzrə qrant müqaviləsinin imzalandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, yeni imzalanacaq layihənin əsas məqsədi Suçma kəndində su təchizatı sistemi inşa etməklə kənd əhalisinin suya olan tələbatının tam ödənilməsini təmin etməkdir. Layihənin reallaşması üçün Yaponiya hökuməti 102 min 570 ABŞ dolları məbləğində qrant yardımı ayırıb.
Sonra səfir Tsuquo Takahaşi və layihənin rəhbəri, “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyinin direktoru Əlirza Məhərrəmov sözügedən layihə üzrə qrant müqaviləsini imzalayıblar.
Layihə üzrə işlərin bir neçə aya başa çatdırılması nəzərdə tutulur.