Şriftin ölçüsü :

Saytın rəngi :

Sosialist İnternasionalın baş katibi Şəkidə olmuşdur

20 dekabr 2014 | 16:00

Azərbaycanda səfərdə olan Sosialist İnternasionalın baş katibi Luis Ayala və onu müşayiət edən şəxslər 19 dekabr 2014-cü il tarixdə Şəki şəhərində olmuşlar.
    Sosialist İnternasionalın baş katibini Kiş kəndində yerləşən qədim alban məbədininin həyətində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qarşıladı. Qonağa Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, Azərbaycanın qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəki bu günlərdə 2702 illiyini böyük təntənələrlə qeyd edib. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, həm də dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə məşhurdur.
     Məbəd barədə məlumat verilərkən bildirilib ki, tikili eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Sonra qonağa şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov  tərəfindən Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilmişdir.
    Şəkiyə səfərləri çərçivəsində Luis Ayala və onu müşayiət edən şəxslər Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olub. Diqqətə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları qonaqların marağına səbəb olub. Bildirilib ki, iki il əvvəl bu möhtəşəm sarayın 250 illik yubileyi Şəkidə böyük təntənələrlə qeyd olunub.
     XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, ümumi sahəsi 6 min kvadratmetr olan bu kompleksdə 300-ə yaxın otaq və zirzəmi vardır. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.
   Sosialist İnternasionalın baş katibi Luis Ayala Azərbaycanın dilbər güşəsi olan Şəkidə olmağından məmnun olduğunu qeyd etmiş, səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir.
    Şəkidən xoş təəssüratlarla ayrılan qonaqlar Qəbələ rayonuna yola düşdülər.

Keçidlər