Şəkidə gələn ilin məhsulu üçün 61 min hektardan çox sahəyə taxıl səpilib
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün payızlıq taxıl səpini əsasən başa çatıb. Kampaniya dövründə fermerlər 61 min 231 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 39 min 144 hektarını buğda, 21 min 917 hektarını arpa, 170 hektarını isə xəsillik arpa sahələri təşkil edir.
Əlverişsiz hava şəraiti və toxum çatışmazlığı səbəbindən noyabr ayında rayonda taxıl səpini xeyli ləngisə də, həyata keçirilən operativ tədbirlər, həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən edilən köməklik sayəsində qısa müddətdə payız səpininin gedişində olan ləngimələr aradan qaldırılıb.
Şəhər icra hakimiyyətindən olunan müraciətə əsasən, nazirlik tərəfindən noyabr ayı ərzində rayona güzəştli şərtlərlə 3,5 min ton elit, yüksək məhsuldar toxum və 1 min tona yaxın mineral gübrə ayrılaraq istehsalçılara çatdırılması təmin olunub.
Hazırda əsas diqqət taxıl əkinlərinə aqrotexniki qulluq edilməsinə yönəldilib.