Şəkidə Yeni ilə hazırlıq işləri başa çatıb
Yeni təqvim ilinin gəlişinə saylı günlər qalıb. Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.
Yeni ilin gəlişi ilə əlaqədar Şəki şəhərinin küçələri, park və xiyabanlar, meydanlar bayramsayağı bəzədilib. Hər tərəfdə hündür Yolka (küknar) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub, küçələrin kənarındakı küknar ağacları da al-əlvan bayram oyuncaqları ilə bəzədilib.
Artıq bayram şənliklərinə də start verilib. Şəhərin mərkəzindəki meydanda qurulan hündür yolka ağacanın ətrafı bütün gün ərzində qələbəlik olur. Uşaqlar valideynləri ilə birgə yolkanın ətrafında Yeni ilin personajları olan Şaxta baba və Qar qız ilə birlikdə şəkil çəkdirir, doyunca əylənirlər. Hamının üzündə bayram sevinci və xoş təbəssüm hiss olunur.