Şəkidə daha bir uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ərəfəsində Şəki şəhərindəki 9 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra yenidən qapılarını körpə fidanların üzünə açıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Şəki Şəhər İcra Haimiyyətinin başçısı Elxan Usubov son illər rayonda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb. Bildirilib ki, bu, əlamətdar bayramlar ərəfəsində Şəki şəhərində əsaslı təmir olunaraq istifadəyə verilən ikinci uşaq bağçasıdır.
Qeyd olunub ki, bundan əlavə, hazırda Şəki şəhərində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın cəmiyyətə təqdim etdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hər biri 100 yerlik daha üç uşaq bağçasının tikintisi davam etdirilir. Bu uşaq bağçalarının 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bildirilib ki, 1979-cu ildən fəaliyyət göstərən bu uşaq bağçası indiyədək əsaslı təmir olunmayıb. Bağçada dövlət vəsaiti hesabına əsaslı təmir işlərinə ötən ilin dekabrında başlanılıb.
Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, bağçada 6 qrupda 120 nəfər uşaq təlim-tərbiyə alır. Bağça yeni inventar və avadanlıqla da təmin olunub, həyət abadlaşdırılıb.