Şəkidə ilin qaliblərinə “Zirvə” mükafatı təqdim olunub
31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Şəki şəhərindəki “Şəki-Palas” otelində bayram şənliyi keçirilib.
Bayram tədbirində 2014-cü ildə Şəkinin ictimai-siyasi, sosial-iqtisadi, elm, təhsil, mədəniyyət, media, idman və digər sahələrdə uğur qazanan müxtəlif peşə sahibləri, həmçinin ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Şəki Şəhər İcra Haimiyyətinin başçısı Elxan Usubov çxış edib. O bildirib ki, yola saldığımız 2014-cü ilin Şəkinin ictimai-siyasi və mədəni həyatında olduqca əlamətdar və yaddaqalan hadisələrlə zəngin olub. Diqqətə çatdırılıb ki, il ərzində Şəkidə mədəni irsin qorunması sahəsində çox mühüm işlər görülüb, bu şəhər bir-sıra beynəlxalq tədbirlərə, o cümlədən 4 beynəlxalq festivala ev sahibliyi edib.
Tədbirdə çıxış edənlər 2015-ci ildə xalqımıza səadət dolu günlər arzulayıb, daha böyük nailiyyətlərin qazanılması üçün bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.
Sonra ilin yekunlarına görə müxtəlif nominasiyalar üzrə Şəki Şəhər İcra Hakimiyyətinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülən qaliblərin adları elan olunub. Polis mayoru Çingiz Məmmədov “Dövlətçilik və hüquq” nominasiyası üzrə, Şəki şəhər 10 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Xəlilova “Təhsil”, Şəki Regional Perinatal Mərkəzin direktor müavini Ruziyə Hüseynova “Səhiyyə”, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli “Mədəniyyət”, həkim Aytən Məmmədova “Sosial sahə”, şahmatçı, 2015-ci ildə Tailandda keçiriləcək şahmat üzrə yeniyetmələrin dünya birinciliyinə vəsiqə qazanmış Süleyman Süleymanlı “İdman”, Şəki çörək zavodunun texnoloqu İsmayıl Hüseynov “İlin uğurlu layihəsi” nominasiyası üzrə qalib adını qazanıblar. “Media-mətbuat” nominasiyası üzrə ilin qalibi adına Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın bölgə müxbiri layiq görülüb. “İlin telejurnalisti” mükafatına İctimai Televiziya və Radio Yayımları Şirkətinin bölgə müxbiri Rasim İslamov, ANS televiziyasının bölgə müxbiri Xatirə Əkbərova və “Kanal S” Regional Televiziya Şirkətinin müxbiri Sevda Rəsulqızı layiq görülüblər. Qaliblərə “Zirvə” mükafatı təqdim olunub.
Bayram tədbiri incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.