“Şəki Aqro İndastris” MMC-nin özəl damazlıq təsərrüfatında hər 100 baş ana maldan 96 buzov alınıb
Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində 2008-ci ildən fəaliyyət göstərən “Şəki Aqro İndastris” MMC-nin südçülük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatı 2014-cü ili uğurlu göstəricilərlə başa vurub.
Müəssisənin direktoru Rəfael Rəhimov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, hazırda təsərrüfatda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1220 baş iribuynuzlu heyvan saxlanılır. Təsərrüfatda olan heyvanların 569 başı ana maldır. Son bir ildə burada mal-qaranın sayı 106 baş, o cümlədən ana malın sayı 51 baş artıb. Ötən il təsərrüfatda hər 100 baş ana maldan 96 bala alınmaqla, 546 buzov doğulub. Bir il əvvəl isə müəssisədə hər 100 baş ana maldan 87 buzov alınmışdı.
Hesabat ilində müəssisədə 3071 ton süd istehsal olunub. Əvvəlki illə müqayisədə süd istehsalı 319 ton artıb. Hər inəkdən orta hesabla 5397 kiloqram süd sağılıb. 2013-cü ildə isə bu göstərici 5313 kiloqram olub.
2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən müasir tipli bu heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardımçı tikililər daxildir. Kompleksdə Almaniyanın “GEA” şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 40 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanması təmin edilir.