Şəkidə hərbi vətənpərvərlik sahəsində yeni ənənələr formalaşır
Yanvarın 16-da Şəki şəhərində hərbi xidmətdən yenicə ehtiyata buraxılmış hərbi vəzifəlilər ilə şəhər rəhbərliyinin görüşü olub.
Ordu sıralarından yeni tərxis olunan gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyəti binasının qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov çıxış edərək gəncləri hərbi xidməti müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik ediblər.
Bildirilib ki, bugünkü görüş hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərə bu çətin və şərəfli yolu uğurla başa vurduqlarına görə təşəkkür etmək, eyni zamanda, onlarla ehtiyata buraxıldıqdan sonra könüllü olaraq müqavilə əsasında müddətdən artıq həqiqi hərbi xidmət etmək, təhsilini davam etdirmək və digər məsələlər barədə səmimi söhbət aparmaq, fikirlərini, arzularını öyrənmək məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, hazırda ölkəmizdə “ehtiyatda xidmət” adlanan bir xidmət növü də vardır. Ehtiyatda xidmət - toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.
Qeyd olunub ki, əvvəllər respublikamızda qanunvericiliyə uyğun olaraq keçirilən təlim məqsədli səfərbərlik hazırlıqları formal xarakter daşıyırdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətə başladıqdan, həmçinin Müdafiə Nazirliyində olan kadr dəyişikliklərindən sonra respublikamızda səfərbərlik hazırlığı həqiqi mənada uğurla həyata keçirilir. Diqqətə çatdırılıb ki, bir müddət əvvəl ehtiyatda olan hərbi mükəlləfiyyətli Şəki gənclərinin ilk çağırışdaca Xidmətin Şəki rayon şöbəsinə gələrək vaxtında təyin olunduqları hərbi hissələrə çatdırılması buna bariz nümunədir.
Tədbirdə vurğulanıb ki, bu gün ordumuz inkişaf edir və işğal olunmuş torpaqlarımızı hər an azad etmək gücünə malikdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev əlindən gələni edir ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Lakin sülh yolu ilə alınmasa, biz torpaqlarımızı müharibə yolu ilə almağa da hazırıq. Hərbi xidmətdə olan gənclərimiz öz xidməti fəaliyyətlərində bunu dəfələrlə sübut ediblər. Bir neçə ay əvvəl ermənilər bütün təmas xətti boyu milli ordumuzun mövqelərinə qarşı təxribat törətmək istəsələr də, xeyli itkilər verməklə geri çəkilməyə məcbur oldular. Bundan əlavə, bir müddət əvvəl təmas xəttini pozmaqla ərazimizə keçən düşmən helikopterinin əsgərimiz tərəfindən dərhal məhv edilməsi artıq ordumuzun hansı qüdrətə malik olduğunu göstərir.
Görüşdə çıxış edənlər gəncləri hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzulayıblar.
Hərbi xidmət dövründə fərqlənən gənclərə hədiyyələr təqdim olunub.
Çay süfrəsi ətrafında davam edən görüşdə gənclərlə gələcək planları barədə səmimi söhbət aparılıb, onlara hər bir işdə kömək olunacağı vurğulanıb.