Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində tikinti-quruculuq işləri geniş vüsət almışdır

07 dekabr 2012 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin “Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 12 sentyabr tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq şəhərin müasirləşdirilməsi, infrastrukturun yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlər zamanı şəhərin milli-memarlıq üslubunun qorunub saxlanmasına xüsusi diqqət yetirilir.
Ötən dövr ərzində şəhərin M. Ə. Rəsulzadə prospektində, Salman Mümtaz və Oğuz şosesi küçələrində, eləcə də yeni istifadəyə verilmiş xəstəxana kompleksinin qarşısında, ümumilikdə, 42 min kvadratmetrdən artıq ərazidə yollar genişləndirilmiş, asfalt-beton örtük salınmaqla yenidən qurulmuşdur. On bir min metr uzunluğunda yolların kənarlarında yeni arx və kanallar tikilmiş, köhnə arxlar bərpa edilmiş, səkilərə beton plitələr düzülmüşdür.
Şəhərin milli-memarlıq üslubunun qorunub saxlanması məqsədilə Heydər Əliyev, M. Ə. Rəsulzadə və M. F. Axundzadə prospektlərində yol kənarındakı evlərin həyət qapıları taxta materiallarla üzlənmiş, evlərin, sahibkarlıq obyektlərinin, idarə və müəssisələrin yerləşdikləri binaların dam örtükləri kirəmitlə örtülmüş, fasadları qədimi forması saxlanılmaqla bərpa edilmişdir.
“Yuxarıbaş” Tarix-Memarlıq Qoruğu ərazisində M. F. Axundzadə prospekti boyunca 38 binanın dam örtüyü kirəmit materialları ilə yenidən qurulmuş, 3 min kvadratmetr fasad hissə qədim forması saxlanılmaqla bərpa edilmiş, 6 min kvadratmetr ərazidə yaşıllaşdırma işləri aparılmışdır. M. Ə. Rəsulzadə prospekti boyunca iki kiçik park salınmış, şəlaləli hovuz tikilmişdir.
Ümumi sahəsi 8600 kvadratmetr olan M. Füzuli adına parkda yenidənqurma işləri aparılmış, ərazisində 850 ədəd həmişəyaşıl ağac, habelə şəms kolları və dekorativ güllər əkilmişdir. M. F. Axundzadə adına mədəniyyət və istirahət parkının 7 hektarı əhatə edən ərazisində də əsaslı yenidənqurma işləri aparılmışdır.
Şəhərdə yeni, müasir işıqlandırma sisteminin yaradılması istiqamətində də zəruri işlər görülür. Prospekt və küçələrdə müasir tipli 770 ədəd işıq dirəyi və 1100 ədəd lampa quraşdırılmış, yol kənarındakı evlərin, tarixi binaların fasad və divarlarının LED tipli lampalarla işıqlandırılması təmin edilmişdir.
 

Keçidlər