Milli musiqi alətlərimizin mahir ustası
Şəkidə el sənətkarlarının ənənələrini davam etdirənlərdən biri də milli musiqi alətlərinin mahir ustası, eyni zamanda, gözəl tar ifaçısı Mahir Vələdovdur.
Mahir Vələdov AzərTAc-a eksklüziv müsahibəsində onu bu sənətə bağlayan tellər barədə danışıb. Bildirdiyinə görə, 35 ilə yaxındır ki, bu sənətlə məşğul olur. Bu sənətə maraq ona atası Bədəl kişidən keçib. İpək kombinatında sex rəisi işləyən atası həm də yaxşı tar ifaçısı olub. Mahir üçüncü sinifdə oxuyanda atası onu musiqi məktəbinə qoyur və öz tarını ona bağışlayır. Onda bu sənətə maraq da elə həmin illərdə yaranıb.
Mahir Vələdov musiqi məktəbini, daha sonra isə Şəki şəhərindəki musiqi kollecini bitirdikdən sonra 1981-ci ildə təyinatla Balakən rayonuna işləməyə göndərilir. Musiqi məktəbində işləyərkən respublikada çox yaxşı tanınan usta Aydından tar düzəltməyin ilk sirlərini öyrənir. Daha sonra hərbi xidmətə yollanan Mahir Vələdov burada da maraq göstərdiyi sənətdən ayrıla bilmir. Ağacdan tarı xatırladan bir musiqi aləti düzəldir və boş vaxtlarında özü üçün ifa edir.
Hərbi xidmətdən qayıtdıqdan sonra Mahir Vələdov Şəki şəhərindəki 1 nömrəli musiqi məktəbində tar müəllimi kimi əmək fəaliyyətinə başlayır, eyni zamanda, bir müddət “Ziyalılar evi”nin direktoru vəzifəsində çalışır.
Sənətin sirlərinə dərindən yiyələnən Mahir Vələdov bir müddət sonra kamança, saz, həmçinin nəfəs musiqi alətlərindən zurna, tütək, balaban da düzəltməyə başlayır. Dediyinə görə, hazırda Şəkidə tarı kötükdən yonaraq axıradək düzəldən ustaların sayı çox azdır. Yalnız iki nəfərdirlər.
Usta Mahir bildirdi ki, əvvəllər milli musiqi alətlərinə maraq xeyli zəifləmişdi. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəni irsimizin, Azərbaycan muğam sənətinin qorunması və təbliği sahəsində çoxşaxəli fəaliyyətindən, dəstəyindən sonra bu sahəyə maraq xeyli artıb, təbii ki, sifarişlər də çoxalıb.
O dedi ki, Azərbaycanın bir çox tanınmış incəsənət xadimləri, o cümlədən xalq artistlərindən xanəndə Teymur Mustafayev, tarzən Möhlət Müslümov və digər sənətkarlar ondan tar və digər musiqi alətləri alıblar. Onun düzəltdiyi tarlardan biri hazırda Türkiyənin İstanbul şəhərindəki muzeylərdən birində saxlanılır. Bu tar vaxtı ilə Türkiyənin mədəniyyət nazirinə hədiyyə olunub. Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalında iştirak edən Yaponiyadan gələn ifaçı Kyoko Yamanoto onun emalatxanasında olub, tar, kamança, saz və digər musiqi alətləri alıb. Bildirib ki, öz ölkəsində təşkil edəcəkləri sərginin Azərbaycana aid guşəsində bu milli musiqi alətlərini nümayiş etdirəcəklər. Ən maraqlısı isə odur ki, yaponiyalı müğənni emalatxanada xalq mahnısı “Sarı gəlin”i Azərbaycan dilində ifa edib. Usta Mahir isə onu tarda müşayiət edib.
Mahir Vələdovun qənaətinə görə, musiqi alətləri düzəldənlər gərək ifa etməyi də bacarsınlar. Çünki bu sənətlər bir-birini tamamlayır. Elə usta var ki, yaxşı tar düzəldir, ancaq tarı kökləyə bilmir. Əgər çalmağı, kökləməyi bacarmırsansa, müəyyən incəlikləri bilmirsənsə, düzəltdiyin tar yaxşı alınmayacaq. Ustanın dediyinə görə, bir kötük parçasından adətən iki tar yonulur. Kötüyün gün düşən hissəsindən düzəldilən tarın səsi daha gözəl, səmərəli olur. Kötüyün o biri tərəfindən də yaxşı tar düzəltmək mümkündür. Ancaq tar yaxşı səs vermir. Ona lal tar da deyirlər.
Bu sənət həm də onun yaşayışını, güzəranını təmin edir. Düzəltdiyi tarların qiyməti 150 manatdan başlayaraq 1500 manatadək qalxır. Sifarişlərdən heç bir narazılığı yoxdur. Müraciət edənlər çoxdur.
Mahir Vələdov ağac üzərində oyma sənəti ilə də maraqlanır. Dediyinə görə, iki oğlu oyma sənəti ilə məşğul olur. Övladlarını öyrədərkən özü də bu sənətin incəliklərinə yiyələnib. Ağacdan düzəltdiyi suvenirləri yerli və xarici turistlər həvəslə alırlar. Sifariş əsasında düzəltdiyi Şəki xanları sarayının böyük ölçülü maketi hazırda Ağstafa şəhərindəki parklardan birində qoyulub.
Ustanın düzəltdiyi milli musiqi alətləri Türkiyə, Koreya Respublikası, Gürcüstan və digər ölkələrdə keçirilən müxtəlif sərgilərdə də nümayiş etdirilib. Onun düzəltdiyi tar bir neçə il əvvəl paytaxtımızda keçirilən müsabiqələrin birində birinci yeri tutub, usta pul mükafatına layiq görülüb.
Hazırda Mahir Vələdov övladlarına, həmçinin üç şagirdinə bu sənətin incəliklərini həvəslə öyrədir. Dediyinə görə, ata-babalarımızın miras qoyduğu bu ənənələri yaşatmaq, bu sənət növlərini inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir el sənətkarının borcudur.