Ötən il Şəkidə 2 mindən artıq yeni iş yeri yaradılıb
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 2014-cü ildə Şəki rayonunda 2090 yeni iş yeri açılıb. Yeni yaradılan iş yerlərinin hamısı daimidir.
Şəki Şəhər Statistika İdarəsindən AzərTAc-a verilən məlumata görə, iş yerlərinin 93-ü yeni yaradılan, 160-ı isə mövcud müəssisə və təşkilatların payına düşür. Bundan əlavə, 1837 iş yeri fiziki və hüquqi şəxslər tərəfindən yaradılıb.
Rəsmi statistikaya görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində 2003-cü ilin oktyabrından 2015-ci ilin yanvarınadək Şəkidə 14 mindən çox yeni iş yeri açılıb. Bu iş yerlərinin 97 faizi daimidir.
2014-cü ildə rayon üzrə orta aylıq əməkhaqqı 253 manat təşkil edib. Əvvəlki illə müqayisədə orta aylıq əməkhaqqının miqdarı 6 faiz artıb.