Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar şəhər icra hakimiyyətinin xüsusi tədbirlər planına uyğun olaraq dekabrın 1-dən Şəkidə ulu öndərin xatirə günləri keçirilir.
Dekabrın 11-dək davam edəcək xatirə ongünlüyü çərçivəsində Şəki şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində silsilə tədbirlər, anma mərasimləri keçirilir.
Tədbirlər planına uyğun olaraq hazırda şəhərin ayrı-ayrı əmək kollektivlərinin, məktəbli və tələbələrin, gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur. Mərkəzi ziyarət edənlər ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sərgi və guşələrlə tanış olur, ulu öndərin zəngin həyat yolu barədə ətraflı məlumat əldə edirlər.
Xatirə ongünlüyü çərçivəsində rayonun ali, orta ixtisas və ümumtəhsil məktəblərində, müəssisə və təşkilatlarda, mədəniyyət ocaqlarında ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktiki konfranslar, inşa yazı və şeir müsabiqələri keçirilir, idmanın müxtəlif növləri üzrə xatirə turnirlərinin keçirilməsi, muzey və kitabxanalarda sərgi və guşələrin yaradılması nəzərdə tutulur.