Şəkinin ucqar kəndlərinin içməli su ilə təchizatı yaxşılaşdırılacaq
Yay aylarınadək Şəkinin 3 ucqar yaşayış məntəqəsinin – Şəki kənd, Cəyirli və Qozlubulaq kəndlərinin içməli su ilə təchizatı yaxşılaşdırılacaq.
Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Fəraim Qarayev AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, bu kəndlərin əhalisi uzun illərdir içməli sudan əziyyət çəkir. Kəndlərin içməli su ilə təchizatını yaxşılaşdırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə ötən ilin avqustunda dövlət büdcəsinin ehtiyat fondundan 748 min manat vəsait ayrılıb. Həmin vəsait hesabına indiyədək rayonun Əliyar kəndinin ərazisində 3 ədəd subartezian quyusu qazılıb. İçməli su bu quyulardan 22 kilometr uzunluğunda boru xətti vasitəsilə Şəki kənd, Cəyirli və Qozlubulaq kəndlərinə çatdırılacaq.
Tikinti işlərini aparan “Əfqan” firmasının baş mühəndisi Tacir Cəbiyevin verdiyi məlumata görə, boru xəttinin 10 kilometrlik hissəsi artıq hazırdır. Qalan 12 kilometrlik hissəsinin çəkilişi də sürətlə davam etdirilir. Su xəttinin çəkilişinin bu ilin mayında başa çatdırılması nəzərdə tutulub.