Beynəlxalq festivallar Şəkini dünyaya tanıdır
Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəki artıq ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda “festivallar şəhəri” kimi də tanınır. 2014-cü ildə bu şəhərdə 4 beynəlxalq festival, o cümlədən “İpək Yolu” musiqi, ənənəvi şirniyyat və teatr festivalları, həmçinin motofestival keçirilib. Bu festivallara 20-yə yaxın xarici ölkədən 200 nəfərdən çox iştirakçı qatılıb.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova AzərTAc-a eksklüziv müsahibəsində bu il festivalların sırasına daha bir tədbirin – Ritm festivalının da daxil olacağını diqqətə çatdırıb.
Müsahibimiz bildirib ki, bir neçə il əvvəl bu şəhərdə yalnız bir beynəlxalq festival – “İpək Yolu” musiqi festivalı keçirilirdisə, ötən il onların sayı artıq dördə çatıb. Bu da təsadüfi deyildir.
Z.Cavadova xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ilin avqustunda Şəkidə səfərdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşündə Şəkinin bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhər olduğunu vurğulayıb, gələcəkdə bu şəhərdə beynəlxalq tədbirlərin sayını daha da artırmağı tövsiyə edib.
Bu festivalların Şəkinin tarixinin, mədəni irsinin təbliğinə, turizm potensialının genişləndirilməsinə xidmət etdiyini vurğulayan Zərinə Cavadova deyib: “Diqqətə çatdırım ki, hazırda Şəkinin “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində məqsədyönlü iş aparılır. Bu məsələ ilə bağlı müəyyən sorğuları cavablandırırıq. Bu sorğulardan biri də məhz bu şəhərdə keçirilən mədəni-kütləvi tədbirlər, beynəlxalq festivallar, konfranslar, simpoziumlarla bağlı olur. Yəni, bu tədbirlər ilin hansı vaxtlarında keçirilir, təşkilatçıları kimlərdir, bu tədbirlərdə nə qədər xarici qonaq, tamaşaçı iştirak edir və s. Məqsədimiz “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsinə nail olmaqdır”.