Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə peşəkar kulinar Cabir Xəlifəzadənin 80 illiyi qeyd olunacaq

10 fevral 2015 | 16:00

Peşəkar kulinar, şair-publisist Cabir Xəlifəzadənin anadan olmasının 80 illiyi münasibətilə 2015-ci ildə onun doğulduğu Şəki şəhərində yubiley tədbiri keçiriləcək.
Bu barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova AzərTAc-a eksklüziv müsahibəsində məlumat verib.
Qeyd edək ki, Cabir Xəlifəzadə (Hacı Cabir) tanınmış kulinar, peşəsinin mahir bilicisi olmaqla bərabər, həm də Azərbaycan Respublikasının Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Onun elmi-kütləvi, bədii, eləcə də kulinariya və sağlamlıq məsələləri haqqında 20 kitabı işıq üzü görüb, mətbuatda onlarla publisistik məqaləsi dərc olunub.
Ömrünün 60 ilini kulinariya sahəsinə həsr edən Cabir Xəlifəzadə milli mətbəx mədəniyyətimizin qorunub saxlanması, inkişaf və təbliğ edilməsində böyük xidmətlər göstərib. Müəllifi olduğu kitablarda xalqımızın kulinariya sənəti və süfrə mədəniyyəti, dad yaddaşı, damaq zövqünün formalaşması, qida məhsulları, onların əhəmiyyəti barədə çox dəyərli bilgilər, həmçinin bir sıra qədim unudulmuş xörəklərin reseptləri və faydalı məsləhətlər özünə yer alıb. Bu kitablarda, həmçinin xörəklərin hazırlanması texnologiyası, mətbəx sənəti, halal süfrə anlayışı, qidalanmanın insanların sağlamlığına və uzun ömürlülüyünə təsiri barədə maraqlı və dəyərli məlumatlar vardır.
Yubiley tədbirinin yaxın aylarda keçirilməsi nəzərdə tutulub.

Keçidlər