Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi müayinələr xəstəliklərin erkən aşkarlanmasında mühüm əhəmiyyət kəsb edir

10 fevral 2015 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Şəkidə də əhalinin tibbi müayinəsi aksiyası yüksək mütəşəkkilliklə davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən bu xeyirxah aksiya əhali tərəfindən böyük razılıqla qarşılanır. İnsanlar həvəslə tibb ocaqlarına üz tutur, hərtərəfli müayinə olunurlar.
AzərTAc xəbər verir ki, şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova jurnalistlərə açıqlamasında dövlətimizin başçısının təşəbbüsü ilə başlanan bu xeyirxah aksiyanın xəstəliklərin erkən aşkarlanması, düzgün diaqnozun qoyulması və gələcəkdə baş verə biləcək xəstəliklərin vaxtında qarşısının alınması baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün xüsusi qərargah yaradılıb, cədvəl tərtib olunub. Müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi şəkildə müayinə olunması üçün hər cür şərait yaradılıb. Həkim briqadalarının tərkibinə ən təcrübəli mütəxəssislər cəlb olunublar.
Zərinə Cavadovanın bildirdiyinə görə, 2014-cü ildə keçirilən tibbi müayinələrdə 90 minə yaxın rayon sakini iştirak edib. Hazırkı müayinələrdə də bir o qədər əhalinin iştirak edəcəyi gözlənilir.
Şəhər icra hakimiyyəti başçısının müavini əhalinin sağlamlığının qorunmasına yönələn bu aksiyanın təşkilinə görə Şəki əhalisi adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Keçidlər