Şəkili şagirdlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənir
Tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Müasir tariximizi ulu öndər Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir. Ümummilli Liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü nəhəng işlər xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Həmin illərdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi bütün uğurlar məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqımız qarşısında misilsiz xidmətləri müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
Bu fikirlər Ümummilli Liderin zəngin irsinin öyrənilməsi məqsədilə fevralın 10-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər 1 və 2 nömrəli, həmçinin Birinci Biləcik kənd tam orta məktəblərinin XI sinif şagirdlərinə tarix fənni üzrə keçirilən açıq dərs zamanı səsləndirilib.
“Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusuna həsr olunan açıq dərsi şəhər 11 nömrəli tam orta məktəbinin tarix müəllimi Bahar Cabbarlı aparıb.
Tədris prosesində şagirdlərə Ümummilli Liderin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində tarixi xidmətləri barədə geniş və dolğun məlumat verilib.
Qeyd edək ki, Ulu Öndərin irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində keçirilən açıq dərslərin növbəti mərhələsində bu günədək 1778 şagird iştirak edib.