Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bölgənin veteranlar təşkilatlarının rəhbərləri üçün seminar-müşavirə keçirilmişdir

11 dekabr 2012 | 16:00

Respublika Veteranlar Şurasının Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Veteranların sosial hüquqlarının həlli sahəsində rayon, şəhər veteranlar təşkilatları rəhbərlərinin biliklərinin artırılması” layihəsi çərçivəsində dekabrın 10-da Şəki şəhərində növbəti seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirədə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və Mingəçevir rayon veteranlar şurasının sədrləri, habelə rayon şuralarının nəzarət-təftiş, təşkilati-metodik və veteran fəalları ilə iş üzrə komissiyalarının sədrləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
M.F.Axundov adına mərkəzi mədəniyyət evində keçirilən seminarda Respublika Veteranlar Şurasının nümayəndəsi Vüsalə Cəfərli çıxış edərək layihə barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2010-cu ildən həyata keçirilən bu layihənin əsas məqsədi veteran təşkilatlarının fəaliyyətinin indiki dövrün tələblərinə uyğun təşkil olunması və aparılması üçün veteran fəallarının hazırlıq səviyyəsini artırmaq, işlərinin cəmiyyətin yeniləşmiş tələblərinə uyğun qurulmasına kömək etməkdir. Veteran hərəkatının cəmiyyətə tam inteqrasiyası, veteran işinin gücləndirilməsi və dövlətin bu sahədə mühüm rolunun geniş təbliği layihənin qarşısına qoyduğu əsas vəzifələrdəndir. Qeyd olunmuşdur ki, layihə çərçivəsində indiyədək Bakı, Gəncə, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində belə seminarlar təşkil olunmuşdur.
Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.
 

Keçidlər