Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi çərçivəsində Şəki şəhərində imtahan keçirilmişdir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirmişdir.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran şəhərləri ilə yanaşı Şəki şəhərində də keçirilmişdir. Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən imtahanda 290 bakalavr iştirak etmişdir. İmtahan saat 13:00-da başlanıb və saat 15:30-da başa çatmışdır. İmtahanların idarə olunmasına 3 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 30 nəzarətçi-müəllim cəlb olunmuşdur.
Qeyd edək ki, bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunmuşdur. Hər bir test tapşırığına verilən düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar ümumi nəticəyə təsir göstərmir.