Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili rəssam: Bu sənət mənə daşları canlandırmağı, onlarla ünsiyyət qurmağı öyrədib

23 fevral 2015 | 16:00

Rəssam Tahir Həmidlinin qaya daşı üzərində yaratdığı rəsm əsərlərinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.
Şəkili rəssamın əl işləri İordaniya, Efiopiya, Madaqaskar, Cənubi Koreya, Bolqarıstan, Türkiyədə keçirilən müxtəlif sərgilərdə nümayiş olunub və böyük maraqla qarşılanıb.
Tahir Həmidli deyir ki, vaxtilə xarici ölkə sənətkarlarının timsah dərisi, saman, ağac və digər materiallardan hazırladıqları əl işlərini görərkən nə üçün Azərbaycanda belə bir sənətin olmamasını düşünürmüş: “Günlərin bir günü təsadüfən tünd rəngdə yastı daş tapdım. Onun üzərində ağ rənglə Şəkinin orta əsrlərə aid qədim küçəsinin təsvirini işlədim və onu emalatxanamda digər əl işlərimin yanına yerləşdirdim. Emalatxanaya tez-tez yerli və xarici turistlər gəlir, əl işlərimlə maraqlanırlar. Bir dəfə amerikalı xanım daş üzərində işlədiyim rəsmi görüb çox bəyəndi və onu almaq istədiyini bildirdi. Düzü, satmaq istəmirdim, çünki bu üslubda ilk əl işim idi. Lakin amerikalı qonaq çox təkid etdi və həmin əsəri məndən 50 ABŞ dollarına aldı. O vaxt ağlıma belə gəlməzdi ki, nə vaxtsa daşlardan suvenir-hədiyyələr hazırlayacağam və bu, mənim kiçik biznesim olacaq”.
Bu hadisədən sonra Tahir Həmidli 2005-ci ildə 20-dək daşın üzərində Şəkinin qədim tarixi abidələri, məhəllələri əks olunan maraqlı bir ekspozisiya yaradır. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2006-cı ildə Şəkiyə səfər zamanı yeni bərpa olunmuş Şəki xanlarının sarayının həyətində Tahir Həmidlinin həmin sərgi-kompozisiyasına baxırlar. Sərgi onların çox xoşuna gəlir və rəssama bu sahədə fəaliyyətini davam etdirməyi tövsiyə edirlər.
Sənətinə verilən yüksək qiymətdən ruhlanan rəssam bu işə daha böyük həvəslə girişir. İlk vaxtlar uzunluğu 15-20 santimetr olan daşlar üzərində işləyirdisə, sonralar ölçüləri daha böyük - 100-150 santimetr olan qaya daşları üzərində təsvirlər yaratmağa başlayır.
Tahir Həmidli deyir ki, bu sənət ona çoxlarının fikir vermədiyi daşları canlandırmağı, onlarla ünsiyyət qurmağı öyrədib. Bu gün şəkili rəssamın əl işlərinə dünyanın bütün qitələrində, Avropa ölkələrində, uzaq Yaponiyada, Çində, ABŞ-da, bir sözlə, hər yerdə rast gəlmək mümkündür. Şəkidə səfərdə olan ali qonaqlara, dövlət xadimlərinə, tanınmış insanlara bu şəhərdən xatirə olaraq şəkli rəssamın əsərləri hədiyyə edilir. Şəkiyə gələn adi turistlər də “daş rəsmləri” böyük həvəslə alırlar.
Rəssam Şəki xanlarının sarayını, Aşağı və Yuxarı karvansarayları, Kiş kəndindəki alban məbədini, qədim evləri, məscid və minarələri, həmçinin qonşu Qax və Qəbələ rayonlarının ərazisindəki tarixi məkanları daş üzərində canlandırır.
Həmsöhbətim qeyd edir ki, daş üzərində təsvir yaratmaq çətindir və çox vaxt aparır. Uyğun daş tapmaq da asan deyil. Gərək qayalıqları gəzəsən, mövzuya uyğun daş seçəsən. Daha sonra daşın üzərində müəyyən hazırlıq işləri aparılır, artıq hissələri qoparılır, üzü təmizlənir, rənglənir. Adi əsər 4-5 günə başa gəlir. Nisbətən böyük əsərin üzərində isə daha çox işləmək lazımdır. Bu işdə ona oğlu Əhməd kömək edir.
Tahir Həmidlinin çalışdığı emalatxana ona babası rəhmətlik Saleh kişidən qalıb. 100 il ömür sürən Saleh usta Şəkidə ən məşhur dulusçulardan olub. Onun düzəltdiyi saxsı qablar bütün Qafqazda məşhur idi. Rəssamın dediyinə görə, bu qabiliyyət ona bəlkə də irsən keçib.

Mustafa Dadaşov

AzərTAc-ın müxbiri

Keçidlər