Şəkidə “Sağlam həyat uğrunda” devizi altında profilaktiki tədbirlər aylığı davam etdirilir
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, əhalinin sağlamlığının qorunması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən keçirilən “Sağlam həyat uğrunda” devizi altında profilaktiki tədbirlər aylığı Şəkidə uğurla davam etdirilir.
Aylıq çərçivəsində rayona ezam olunmuş Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutunun xüsusiləşdirilmiş briqadasının həkimləri 60 nəfərdən artıq insanı müayinə etmişlər. Bundan əlavə, ginekoloq, androloq, pediatr-neonotoloq, şüa-diaqnostik və laborant həkimlərin daxil olduğu briqadalar rayonun müxtəlif yaşayış məntəqələrində əhalini müayinə etmişlər. Çeşməli və Öryət kənd orta məktəblərində keçirilən müayinələrdə 100-dən çox şagird və 21 müəllim iştirak etmişdir.
Müayinələrin keyfiyyətli aparılması üçün ambulator poliklinika müəssisələri tələb olunan reaktivlər və materiallarla təmin edilmişlər.
Əhalinin profilaktiki müayinə tədbirləri dekabrın sonunadək davam etdiriləcəkdir.