Orta Zəyzid kəndində səyyar qəbul
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 27-də Orta Zəyzid kəndinin sakinləri ilə görüşmüşdür.
Görüşdə Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur. Bildirilmişdir ki, kəndin seldən mühafizəsi məqsədilə “Zəyzid” və “Qurcana” çaylarının yatağı təmizlənmiş, bir ədəd körpü cari təmir olunmuş, 1,2 km içməli su xətti çəkilmiş, 3 km kəndarası və 1 km təsərrüfat yolu cari təmir olunmuş, 51 ailəyə yeni qaz xətti çəkilmiş, kənd EATS-də 150 abonent sürətli internetə qoşulmuş və yeni yaşayış massivində artezian quyusu qazılmışdır.
Kənd sakinləri Vaqif Abdullayev, Dursun Cabbarov, Abdul Əyyubov, Fikrət İlyasov, Həsən Salmanov və başqaları çıxış edərək kəndin mərkəzi küçəsinin əsaslı təmiri və işıqlandırılması, Orta Zəyzid kənd 2 saylı tam orta məktəbi üçün idman zalının tikilməsi, ahıl sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq şərait yaradılması, kəndin yuxarı məhəlləsindəki dayanacağın bərpası, ərazidə aqroservis filialının açılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışlar.