Şəkidə “Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı günü” - vətəndaş forumu keçirib
Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq martın 3-də Şəki şəhərində “Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı günü” - vətəndaş forumu keçirib.
Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən bəhs olunan regional tədbirdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.
Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, respublikamız inkişaf göstəricilərinə görə dünya ölkələri sırasında öncül mövqedə qərarlaşıb. Azərbaycan beynəlxalq aləmdə nüfuzlu, etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı nailiyyətlər qazanılıb. Uğurla aparılan sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də müsbət nəticələrini verib, sosial-iqtisadi tərəqqi davam edib.
F.Qədimov bildirib ki, Azərbaycanın iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi siyasətinin uğurlu icrası nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə həllini tapıb. 2014-cü ilin nəticələrinə görə, respublikamızda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,3 manat olub və bu da ölkə üzrə orta aylıq əmək haqqının 43,5 faizini təşkil edir. Bu göstərici Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Hazırda isə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir. Halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.
Qeyd olunub ki, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir. Bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Diqqətə çatdırılıb ki, 2014-cü ildə Fondun gəlirləri 2013-cü ilə nisbətən 223 milyon manat və ya 8,3 faiz artaraq, 2 milyard 894,3 milyon manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 744,9 milyon manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 milyon manat çoxdur.
Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının, inflyasiya nəzərə alınmaqla, hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bu tədbir 2014-cü ildə də davam etdirilmiş və Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə əvvəlki ilin inflyasiya göstəricisinə uyğun 2,4 faizlik artım tətbiq olunub.
Tədbirdə DSMF-nin şöbə müdiri Fərid Baxşıyev “Sosial sığorta haqqı gələcək pensiya təminatının əsas vasitəsi kimi” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. Bu məqsədlə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi planlaşdırılır. Bununla yanaşı, sosial sığortaya cəlb edilən əmək haqqına müəyyən hədd qoymaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsi kimi təşviq vasitələrinin tətbiqi sığortaolunanlara əlavə könüllü sığorta haqqı ödəməklə pensiya kapitalını artırmaq imkanının verilməsini nəzərdə tutur.
Diqqətə çatdırılıb ki, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə DSMF-də xüsusi əlaqələndirmə komissiyası yaradılıb. Pensiya islahatları çərçivəsində fond tərəfindən kompleks hazırlıq işləri, o cümlədən qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin işlənilməsi, texniki hazırlıq və digər tədbirlər həyata keçirilməkdədir.
Vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə Fondun fəaliyyətinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.