Şəkidə yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi məsələləri müzakirə olunub
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə martın 3-də Şəki şəhərində “Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Aqrar Elm Mərkəzinin, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun rəsmiləri, nazirliyin Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarındakı qurumlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bu rayonlarda fəaliyyət göstərən fermer və sahibkarlar iştirak ediblər.
Müşavirədən əvvəl payızlıq taxıl sahələrinə baxış keçirilib. Məhsul istehsalçıları dəmyə və suvarma şəraitində yüksək məhsul əldə etmək üçün tələb olunan aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə aparılmasının vacibliyi barədə ətraflı məlumatlandırılıblar. Fermerlərə sahələrə yemləmə gübrəsinin verilməsi, alaqlara qarşı mexaniki və kimyəvi mübarizə aparılması prosesi əyani şəkildə göstərilib.
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sektorda aparılan dövlət siyasəti, əsas prinsiplər, hədəflər və prioritet istiqamətlər barədə məlumat verib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyini diqqətə çatdıran nazir müavini, bu Sərəncamdan irəli gələn vəzifələrin icrasının kənd təsərrüfatının inkişafına yeni təkan verəcəyinə, onun modernləşdirilməsini sürətləndirəcəyinə, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin edəcəyinə əminliyini bildirib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun “Bitkiçilik sektorunun mövcud vəziyyəti və gələcək inkişafı üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyəti” və Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədovun “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili” mövzularında məruzələri dinlənilib.
Müşavirədə, həmçinin zərərli orqanizmlərlə mübarizə tədbirlərinin düzgün təşkilinin əhəmiyyəti, “Aqrolizinq” ASC tərəfindən texniki təminatın yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər, əkinlərin elmi əsaslarla aparılmasının üstünlüyü, yeni taxıl sortlarının potensial məhsuldarlığı və ona təsir edən amillər, rayonlarda bitkiçiliyin vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər barədə təqdimat və çıxışlar olub, mövcud problemlər və onların həlli yolları barədə geniş fikir mübadiləsi aparılıb.
Oxşar tədbirlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.