Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

05 mart 2015 | 16:00

Martın 4-də Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
Tədbiri YAP Şəki təşkilatının sədri Həsən Həsənov açaraq zəngin tarixə malik olan və zamanın çətin sınaqlarından çıxan Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirdiyini bildirib.
YAP Şəki təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, iqtidar partiyasının öncül və mütəşəkkil təşkilatlarından olan YAP Şəki təşkilatının hazırda 10903 nəfər üzvü vardır. Təşkilat üzvlərinin 3712 nəfərini və ya 34 faizini gənclər təşkil edir. Əvvəlki konfransdan ötən dövr ərzində 833 nəfər gənc partiya sıralarına qəbul olunub. Gənclər Birliyinin üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Vurğulanıb ki, Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət edir. Şəki gəncləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gəncliyə yaradılan gözəl imkanları ürəkdən alqışlayır, Vətənimizin daha da inkişaf etməsi, çiçəklənməsi işində qüvvələrini əsirgəmirlər.
Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışıb, gənclərə tövsiyyələrini bildiriblər.
Konfransda təşkilatı məsələlərə baxılıb, YAP Şəki təşkilatı Gənclər Birliyinin Şura üzvləri və sədri seçilib.
Konfransda, həmçinin respublika konfransına nümayəndələr seçilib.
Partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Konfransın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər