Şəkidə bu günədək 34 minə yaxın sakin tibbi müayinədən keçib
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Şəki rayonunda da uğurla icra olunur.
Rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri Nazim Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, fevralın əvvəlində başlanan aksiya çərçivəsində bu günədək 34 minə yaxın rayon sakini tibbi müayinədən keçib. Şöbə müdiri deyib ki, aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün poliklinikada, eləcə də kənd sahə xəstəxanaları və həkim məntəqələrində lazımi şərait yaradılıb. Müayinələrə yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları cəlb olunub. Artıq Şəki şəhəri əhalisinin tibbi müayinədən keçirilməsi əsasən başa çatıb. Turan qəsəbəsində və Baş Göynük kəndində də sakinlər mütəşəkkil qaydada müayinə olunublar.
Poliklinikanın terapiya şöbəsinin müdiri Kifayət Həmidovanın verdiyi məlumata görə, indiyədək müayinə olunanların 2775 nəfəri ambulator, 101 nəfər isə stasionar müalicəyə cəlb olunub. 25 nəfər paytaxtın tibb müəssisələrinə göndərilib.
Konsultativ poliklinika şöbəsinin həkimi Etibar Kərimov isə qeyd edib ki, müayinə olunanlar arasında ürək-damar, oynaq, arterial təzyiq, revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edirlər. Belə sakinlər ixtisaslı həkimlər tərəfindən tam müayinə olunaraq müalicə təyin edilir, lazımi məsləhətlər verilir.
Müayinədən keçən insanlar onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, belə aksiyaların davamlı olmasını arzulayırlar.