Şəkidə Prezident Kuboku uğrunda VII çövkən oyunları keçiriləcəkdir
13 dekabr 2012 | 16:00
Dekabrın 17-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VII çövkən oyunu üzrə yarışlar keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası və dirçəldilməsi, habelə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.
Yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komandanın iştirakı gözlənilir. Oyunların qaliblərinə nazirliyin diplom və pul mükafatları təqdim olunacaqdır.