Şəkidə Beynəlxalq Qadınlar Günü qeyd olunub
Azərbaycan qadını hər zaman Şərq qadınına məxsus iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında çox mühüm rol oynayıb. Əsrlər boyu qadınlarımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, övladlarımızın milli ruhda tərbiyə olunması, Vətənə məhəbbət ruhunda yetişdirilməsi kimi şərəfli bir işi üzərlərinə götürüb və bunun öhdəsindən layiqincə gəliblər.
Bu fikirlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəki şəhərində keçirilən bayram tədbirində səsləndirilib. Sabit Rəhman adına Dövlət Dram Teatrında keçirilən tədbirdə rayonun ayrı-ayrı əmək kollektivlərində çalışan fəal qadınlar iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev qadınlara həmişə xüsusi diqqət və qayğı göstərib. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı mühüm fərman və sərəncamlar imzalanıb, qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb, Azərbaycan Qadınlarının I Qurultayı keçirilib, dövlət qadın siyasətinin reallaşdırılmasına başlanılıb.
Bildirilib ki, qadınlarımız müasir dövrdə də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvədir. İndi Azərbaycan qadını dövlət idarəçiliyində, təhsil, elm, səhiyyə sahələrində fəal iştirak edir, yüksək vəzifələrdə çalışır, seçkili orqanlarda, Milli Məclisdə, bələdiyyələrdə təmsil olunurlar.
Qeyd olunub ki, bütün Azərbaycan qadınları kimi, Şəki qadınları da cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə, rayonun sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər. Bələdiyyə üzvlərinin 40 faizini qadınlar təşkil edir. Qadınların əməyi hər zaman yüksək qiymətləndirilib. Ötən il Şəki qadınlarından 5 nəfəri fəxri ad alıb və medalla təltif olunub.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.