Şəki Dövlət Dram Teatrı “Zirvə” mükafatına layiq görülüb
Xəbər verildiyi kimi, zəngin ənənələri olan Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı 2014-cü il ərzindəki uğurlu fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən “Zirvə” mükafatına layiq görülüb.
Qeyd edək ki, 2007-ci ildə təsis edilən bu mükafat 7 nominasiya üzrə il ərzində mədəniyyət sahəsində öz yaradıcılığı ilə fərqlənən istedadlı insanlara, kollektivlərə verilir. Şəki teatrı “Teatr” nominasiyası üzrə bu mükafatın sahibi olub.
Şəki teatrının bu yüksək mükafata layiq görülməsi heç də təsadüfi deyildir. 2014-cü il sentyabrın 10-dan 19-dək Şəkidə Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq teatr festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən bu festival respublikamızın, eləcə də Şəkinin mədəni həyatında olduqca əlamətdar hadisəyə çevrilib.
Hazırda teatrda Əhməd Orucoğlunun “Oğru” pyesi əsasında hazırlanan tamaşa üzərində məşqlər başa çatmaq üzrədir. Yeni səhnə əsəri martın sonunadək sənətsevərlərə təqdim olunacaq. Əbülfət Salahovun quruluş verdiyi bu tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Briliant Babayeva, Akif Yusifov, Çinarə Səmədova və başqaları ifa edirlər.
Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin bildirdiyinə görə, tamaşa təhvil verildikdən sonra teatrın yaradıcı kollektivi apreldə ispan dramaturqu Migel de Sevantesin “Don Kixot” əsəri üzərində məşqlərə başlayacaq.