ABŞ-ın “Break of Reality” violençel-rok qrupu Şəkidə
ABŞ-ın “Break of Reality” violençel-rok qrupu respublikamızın regionlarına səfər proqramı çərçivəsində sonuncu konsertini martın 16-da Şəki şəhərində verib.
Şəki Dövlət Dram Teatrının zalında keçirilən konsertdə əvvəlcə ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət departamentinin əməkdaşı Valeriy Manual qrupun fəaliyyəti və respublikamıza səfərlərinin məqsədi barədə məlumat verib. Bildirilib ki, 2003-cü ildə yaradılan “Break of Reality” violençel-rok qrupu ABŞ-ın gənc, eyni zamanda, tanınan musiqi qruplarındandır. Amerikada, eləcə də bir sıra ölkələrdə konsert proqramları ilə çıxış edən qrup indiyədək musiqisevərlərə 3 albomunu təqdim edib.
Qeyd olunub ki, “Break of Reality” qrupu ölkəmizdə ilk dəfədir səfərdədir. Azərbaycanda keçirilən “Amerika günləri”ndə iştirak edən simli kvartet qrupu səfər çərçivəsində artıq paytaxtda, eləcə də İsmayıllı, Qəbələ, Mingəçevir və Zaqatala şəhərlərində musiqisevərlər qarşısında maraqlı konsert proqramları ilə çıxış edib.
Qrupun təqdim etdiyi musiqi nömrələri Şəki musiqisevərləri tərəfindən alqışlarla qarşılanıb.