Şəkinin tarixi məkanları ilə tanışlıq Naxçıvan məktəblilərinin böyük marağına səbəb oldu
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın üçüncü mərhələsi çərçivəsində Bakı-İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən Naxçıvan məktəbliləri ekskursiyanın üçüncü günündə, martın 19-da qədim Şəki diyarına gəldilər.
Tur-aksiya iştirakçılarının Şəki ilə ilk tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlanıb. Məktəblilərin diqqətinə çatdırılıb ki, bu məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.
Məbədin həyətindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, həyətindəki ilkin orta əsrlərə aid sərdabələr məktəblilərin böyük marağına səbəb olub.
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər.
Naxçıvan məktəblilərini Şəki xanlarının sarayının həyətində şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova səmimiyyətlə qarşılayıb. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən artıq yaşı vardır. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, həm də, dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi vardır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir.
Tur-aksiyanın bütün iştirakçılarına son illərdə Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olunub.
Məktəblilər sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olublar.
Sarayla tanışlıq zamanı diqqətə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu memarlıq abidəsi Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra tur-aksiyanın iştirakçıları Qoruğun ərazisində yerləşən tarixi-memarlıq abidələrinə baş çəkib, Şəki sənətkarlarının əl işlərinə baxıblar.
Şəkiyə səfərləri çərçivəsində Naxçıvan məktəbliləri XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Bildirilib ki, Şərq memarlığı üslubunda tikilən bu qədim kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. Hazırda bu memarlıq abidəsi mehmanxana kimi istifadə olunur.
Şəkinin tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb.