Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Novruz bayramı şənlikləri bir-neçə gündür ki, davam edir

22 mart 2015 | 16:00

Baharın gəlişi münasibətilə martın 21-də Şəki şəhərinin “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ümumşəhər bayram şənliyi keçirilib.
Bayram tədbiri XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın həyətində Novruz tonqalının alovlandırılması ilə başlanıb. Pəhləvanlar tonqalın ətrafında öz məharətlərini, güclərini nümayiş etdiriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarında xoş əhvali-ruhiyyə yaradıblar.
Sonra bayram tədbiri Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının həyətində davam etdirilib. Musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə hamıya xoş ovqat bəxş ediblər.
Şəhər rəhbərliyi və qonaqlar daha sonra Qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid Dairəvi Məbədin həyətində qol güləşçilərinin yarışını, qədim adət-ənənələrdən sayılan xoruz döyüşünü izləyib, folklor və rəqs kollektivlərinin maraqlı konsert proqramına tamaşa edib, Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.
Dövlət Rəsm Qalereyasının həyətində gənc rəssamların Novruza həsr etdikləri “İlaxır” sərgisi, balaca musiqiçilərin təqdim etdikləri musiqi nömrələri bayram tədbirini daha da maraqlı edib.
Novruz bayramına həsr olunan ümumşəhər bayram şənliyi XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində meydan tamaşası və rəngarəng konsert proqramı ilə gecə saatlarınadək davam edib.

Keçidlər