Qədim Şəki “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın üçüncü mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.
Gözəlliklər diyarı qədim Şəki martın 23-də Bakı-İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya çıxan Naxçıvan məktəblilərinin növbəti iştirakçılarını qəbul edib.
Tur-aksiyanın iştirakçıları əvvəlcə Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət ediblər. Məbədi maraqla seyr edən məktəblilərin diqqətinə çatdırılıb ki, eramızın birinci əsrində tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.
Sonra Naxçıvan məktəbliləri Şəki şəhərinin “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Şəki xanlarının sarayının həyətində tur-aksiyanın iştirakçılarını şəhər icra hakimiyyətinin rəsmiləri mehribanlıqla qarşılayıblar. Məktəblilərə bu qədim diyarın tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verilib. Tur-aksiyanın bütün iştirakçılarına son illər Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar paylanılıb.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq Naxçıvan məktəblilərinin böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, bu saray XVIII əsrə aid nadir tarix-memarlıq abidəsidir. 1761-1762-ci illərdə inşa edilən və dünyada bənzəri olmayan sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Məktəblilər ilk dəfə gördükləri sarayın gözəlliyinə heyran qaldıqlarını bildirib, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Tur-aksiyanın iştirakçıları sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə də qonaq olublar.
Daha sonra məktəblilər “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən V-VI əsrlərə aid Dairəvi Məbəd və digər tarixi abidələri ziyarət ediblər. Bildirilib ki, Qoruğun ərazisində dövlət qeydiyyatına götürülmüş 25 tarixi abidə vardır. Ərazidə fəaliyyət göstərən “Sənətkarlar evi” ilə tanışlıq zamanı qədim Şəki torpağının əsrlər boyu sənətkarlar məskəni olduğu diqqətə çatdırılıb. Məktəblilər buradakı emalatxanalara baş çəkib, sənətkarların əl işlərinə baxıblar.
Şəkiyə səfərləri çərçivəsində məktəblilər, həmçinin XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Gözəlliklər diyarı qədim Şəkinin tarixi məkanları ilə tanışlıq Naxçıvan məktəblilərinin ürəyincə olub. Məktəblilər Şəkidən zəngin təəssüratlarla ayrılıblar.