Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz tətilində Şəkiyə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib

29 mart 2015 | 16:00

Novruz bayramı tətilində Şəkiyə istirahətə gələnlərin sayı əvvəlki dövrlərə nisbətən artıb. Həmişə olduğu kimi, bu il də Novruz bayramı şənlikləri Şəkidə böyük təntənə ilə qeyd olunub. Bayram tədbirlərinin Şəkinin qədim tarixi hissəsində - XVIII əsrə aid memarlıq abidəsi olan “Qala divarları”nın həyətində keçirilməsi şəhərin qonaqlarının xüsusilə böyük marağına səbəb olub.
Bu fikirləri “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva AZƏRTAC-a müsahibəsində bildirib.
Təranə Abdullayevanın dediyinə görə, Novruz günlərində şəhərin qonaqlarının əksəriyyətini yerli turistlər, həmçinin müxtəlif turizm turlarının iştirakçıları təşkil edib. “Xarici turistlər nisbətən azlıq təşkil edib. Çünki xaricilər Şəkiyə daha çox yay və payız aylarında gəlməyə üstünlük verirlər. Həmin aylarda burada beynəlxalq tədbirlər, festivallar təşkil olunur”, - deyə o bildirib.
Qoruğun direktoru qeyd edib ki, ilin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Qala divarları”nın ərazisidir: “Builki bayram tətili günləri də istisna təşkil etməyib. Bayram günlərində qonaqlar Qoruğun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının, V-VI əsrlərə aid Dairəvi Məbədin, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeylərinin həyətlərində, Dövlət Rəsm Qalereyasının qarşısında, həmçinin XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan ümumşəhər bayram tədbirlərini izləmək imkanı əldə ediblər”.
Bayram günlərində Şəkinin tarixi məkanlarını dövlət başçısının tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından gəlmiş məktəblilər də ziyarət ediblər.

Keçidlər