Şəkidə 75 minə yaxın sakin müayinə olunub
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Şəkidə mütəşəkkil qaydada davam etdirilir. Bu xeyirxah aksiyadan indiyədək 75 minə yaxın rayon sakini yararlanıb.
Rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri Nazim Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, 11 yaşayış məntəqəsində müayinələr başa çatıb. İndiyədək müayinə olunanların 7508 nəfəri ambulator, 285 nəfər isə stasionar müalicəyə cəlb edilib. 58 nəfər daha ətraflı müayinə üçün paytaxtın tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən şəhər sakini Təranə Abdullayeva, təhsil işçiləri Bəşarət Yusifov, Leyla Nuriyeva və başqaları xəstəliklərin erkən aşkar edilməsi məqsədi ilə keçirilən belə tibbi müayinələrin insanların sağlamlığı üçün böyük əhəmiyyət kəsb etdiyini deyiblər. Sakinlər bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.