Şəkidə əhalinin tibbi müayinəsi davam edir
Vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı ölkə başçısının tapşırıq və tövsiyəsi Şəkidə də uğurla icra olunur.
Fevralın əvvəlində başlanan aksiya çərçivəsində 90 mindən artıq rayon sakinin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. Məlumat verildiyi kimi, aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün poliklinikada, eləcə də kənd sahə xəstəxanaları və həkim məntəqələrində lazımi şərait yaradılmışdır. Müayinələrə yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları cəlb olunmuşdur. Artıq şəhər əhalisinin tibbi müayinədən keçirilməsi əsasən başa çatıb. Hazırda həkim briqadaları kənd və qəsəbələrdə tibbi müayinələri mütəşəkkil qaydada davam etdirirlər.
Müayinə olunanlar arasında ürək-damar, oynaq, arterial təzyiq, revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edirlər. Belə sakinlər ixtisaslı həkimlər tərəfindən tam müayinə olunaraq müalicə təyin edilir, lazımi məsləhətlər verilir.
Müayinədən keçən insanlar onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, belə aksiyaların davamlı olmasını arzulayırlar.