Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

27 aprel 2015 | 15:00

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü Şəkinin müəssisə və təşkilatlarında da silsilə tədbirlərlə qeyd olunub. Keçirilən tədbirlərdə görkəmli alimin mənalı ömür yoluna bir daha nəzər salınıb, onun Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən geniş bəhs olunub.
AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Şəki təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycan qadınının parlaq siması” adlı tədbir keçirilib.
Partiya üzvlərinin, ziyalıların, tibb işçilərinin iştirak etdiyi tədbirdə təşkilatın Qadınlar Şurasının sədri Zərinə Cavadova, rayon mərkəzi xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Gülnarə Məmmədova, YAP Şəki təşkilatının sədri Həsən Həsənov, təşkilatın İdarə Heyətinin üzvü Sevil İsmayılova və başqaları çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açıblar. Bildirilib ki, Zərifə xanım sənəti və yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, şəfalı əlləri ilə minlərlə xəstəni müalicə edib, gözlərə işıq verib. Onun mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Zərifə xanım qısa, lakin mənalı həyatı boyunca saysız-hesabsız elmi kitablar, monoqrafiyalar çap etdirib. Dünya şöhrətli alimin elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, ixtira və səmərələşdirici təkliflərdə öz əksini tapıb.
Vurğulanıb ki, Zərifə Əliyeva alim, pedaqoq, fəal ictimai xadim olmaqla yanaşı, həm də qayğıkeş və sevimli həyat yoldaşı, mehriban ana idi. Xalqımızın ümummilli lideri Heydər Əliyev və Zərifə xanım insan kimi bir-birini üzvi surətdə tamamlayırdılar. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi. Zərifə xanım Ulu Öndərə hər daim arxa və dayaq olub. Bu gün Zərifə xanımın ruhu şaddır ki, Prezident İlham Əliyev ümummilli liderin layiqli davamçısı kimi, Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirir.
Bildirilib ki, akademik Zərifə Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaqdır.

Keçidlər