2014-2015-ci tədris ilində keçirilmiş fənn olimpiadalarının, yarış və müsabiqələrin qalibləri ilə görüş
6 may 2015-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətində 2014-2015-ci tədris ilində fənn olimpiadaları, yarış və müsabiqə qalibləri olan şagirdlərin ictimaiyyətə təqdim edilmə mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov açmışdır. E.Usubov bildirmişdir ki, bir neçə gündən sonra xalqımızın Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü təntənə ilə qeyd edəcəyik. Şəhərimizin bütün idarə, müəssisə və təşkilatlarında ulu öndərimizin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. O qeyd etmişdir ki, bu il ölkəmizdə keçiriləcək I Avropa oyunları olduqca mühüm əhəmiyyətə malik olan hadisədir. Aprelin 26-da qədim Atəşgah məbədindən başlanan məşəl estafeti artıq ölkəmizi dolaşır. May ayının 25-də məşəl şəhərimizin ərazisindən keçəcək. Şəhərimizin bütün sakinləri bu möhtəşəm bayramı böyük sevinclə gözləyir. Məhz bu gözəl tədbirlər ərəfəsində fənn olimpiadalarının və sabahın alimləri müsabiqəsinin qaliblərinin ictimaiyyətə təqdim olunması olduqca əhəmiyyətlidir.
Sonra E.Usubov ölkədə təhsilin inkişafından, bu sahəyə dövlət qayğısından danışaraq qalib şagirdləri təbrik etmişdir.
Çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova son illər Şəki məktəblilərinin uğurlarını qeyd edərək bu ildə də istisnalıq təşkil etmədiyini və şagirdlərin yüksək müvəffəqiyyətə nail olduqlarını bildirmişdir. Belə ki, “Sabahın alimləri” IV Respublika müsabiqəsində 16 nəfər Şəki məktəblisi 10 layihə ilə finala çıxmışlar. Həmçinin fənn olimpiadalarının yarımfinalına vəsiqə qazanmış 75 məktəblidən 43-ü I, II və III yerləri tutmuşlar. 17 nəfər isə finalda iştirak etmək hüququ qazanmışdır. Nəticələrə görə 9 nəfər gümüş və bürünc medallarla təltif olunmuşdur. 58 nəfər şagirdin hamısı İstedad bankına daxil edilmişdir. Bu şagirdlər Şəkinin 37 məktəbinin şagirdləridir.
Şagirdlərdən fənn olimpiadasının gümüş medalçısı şəhər 8 № -li tam orta məktəbin şagirdi çıxış edərək onlara göstərdiyi qayğıya görə ölkə Prezidentinə, Təhsil Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.
Sonda 58 nəfər şagirdin hamısı Şəki Şəhər İcra Hakimiyyətin başçısı Elxan Usubov tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmış və onlarla xatirə şəkli çəkilmişdir.