Şəkinin Turan qəsəbəsinin yaranmasının 85 illiyi qeyd olunmuşdur
May ayının 16-da Şəkinin iri yaşayış məntəqələrindən biri olan Turan qəsəbəsinin yaranmasının 85 illiyi qeyd olunmuşdur.
Bu münasibətlə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında yubiley tədbiri keçirilmişdir. Tədbirdə şəhər rəhbərliyi və ictimaiyyətinin nümayəndələri, qəsəbənin ziyalıları, ağsaqqalları və qonaqlar iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları qəsəbəsinin yaranmasının 85 illiyi ilə bağlı hazırlanmış video-çarxa baxıblar.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qəsəbə sakinlərini yubiley münasibətilə təbrik etmişdir. O qeyd etmişdir ki, Turan qəsəbəsi 1930-cu ildə Sarıca-Trud düzündə aqronom Matişevskinin rəhbərliyi ilə Orta Asiya və Moskva şəhərindən gəlmış bir qrup mütəxəssislər tərəfindən iri toxumçuluq sovxozu kimi yaradılmışdır. Sonradan həmin sovxoz taxılçılıq təsərrüfatı kimi fəaliyyət göstərmişdir. Sovxoz, mərkəzi Turan olmaqla, 5 kəndin torpaqlarının bazasında yaradılmışdır. Azərbaycanda ilk taxılçılıq sovxozu olan Turan Zaqafqaziyada taxıl istehsalına görə birinci yerdə dururdu.
E.Usubov bildirmişdir ki, bu gün Turan Şəkinin ictimai-siyasi, iqtisadi, mədəni həyatında mühüm yeri olan bir qəsəbədir. Qəsəbədə iri taxılçılıq və heyvandarlıq təsərrüfatları, mədəniyyət, təhsil, səhiyyə müəssisələri fəaliyyət göstərir. Qəsəbə sakinləri rayonun ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir. Bir çox ziyalılar, elm adamları, tanınmış şəxslər Turan qəsəbə kənd tam orta məktəbinin yetirməsidir. Umummilli liderimiz Heydər Əliyev Şəkidə yerləşən ən böyük taxılçılq sovxozunun inkişafı üçün coxsaylı tapşırıqlar vermiş, təsərrüfatın işini daim diqqət mərkəzində saxlamışdır. Məhz onun qayğısı sayəsində qəsəbə sakinlərinin xidmətləri dövlət tərəfindən daim yüksək qiymətləndirilmişdir.
Bu yaxınlarda Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini bildirən E.Usubov bu əlamətdar hadisə qarşısında qəsəbənin yubileyinin qeyd olunmasının olduqca sevindirici hal olduğunu vurğulamışdır.
Cənab Prezident İlham Əliyevin bu gün Şəkiyə və şəkililərə cox böyük diqqət və qayğı ilə yanaşdığını, ölkə başçısının imzaladığı sərəncamlara əsasən Şəkinin öz tarixi simasını saxlamaqla müasirləşdiyini, yenidən qurulduğunu bildirən E.Usubov şəhərimizə göstərilən diqqət və qayğıya görə bütün şəkililər adından cənab Prezidentə bir daha minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Cavanşir Feyziyev də qəsəbə sakinlərini yubiley münasibətilə təbrik etmiş, Turan qəsəbəsinin tarixinin az olmasına baxmayaraq, burada yaşayan insanların məzmunlu həyat sürdüyü diqqətə çatdırmışdır.
Çıxış edən qəsəbə sakini, Prezident təqaudçüsü Baba Səmədov, İHB-nın Turan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nağı Tağıyev, Turan qəsəbə tam orta məktəbin direktoru Baba Yusifov, qəsəbə sakinləri Sabir Piriyev, Əbülfəz Hüseynov, Namiq Hüseynov qəsəbəsinin yaranmasının 85 illiyinin qeyd olunmasında zəhməti olanlara öz minnətdarlıqlarını bildirmişlər.
Sonra Turan qəsəbəsinin yaranmasının 85 illiyi münasibətilə ayrı-ayrı sahələrdə xidmətləri olan bir qrup qəsəbə sakininə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.
Yubiley tədbiri maraqlı konsert proqramı ilə davam etmişdir. Xalq Artisti Gülyanaq Məmmədovanın ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Həmin gün Turan qəsəbəsinin yaranmasının 85 illiyi münasibətilə qəsəbədə yerləşən folklor klubunun binasında qəsəbə ərazisində tapılan məişət əşyalarının, müxtəlif eksponatların nümayiş olunduğu muzeyin açılışı olmuşdur.