Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents Şəkidə olub
Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Azərbaycana səfərləri çərçivəsində mayın 16-da Şəki şəhərinə gəliblər.
Tərkibinə Almaniyada fəaliyyət göstərən müxtəlif siyasi partiyaların üzvlərinin, həmçinin bu ölkənin Azərbaycandakı səfiri xanım Haydrun Tempelin daxil olduğu nümayəndə heyəti əvvəlcə bölgənin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-də olub.
Qonaqlar daha sonra bu qədim diyarın tarixi-memarlıq abidələrini ziyarət edib, şəhərin görməli yerlərini gəziblər. Şərq memarlığının nadir incilərindən biri olan Şəki xanlarının sarayı, həmçinin XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi və Kiş kəndindəki qədim alban məbədi ilə tanışlıq qonaqlarda zəngin təəssürat yaradıb.
Almaniya Bundestaqının nümayəndələri daha sonra icra hakimiyyətində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüblər. Qonaqlara Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, mətbəxi, turizm potensialı barədə ətraflı məlumat verilib.
Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən xanım Karin Ştrents nümayəndə heyətinin üzvlərinin dəfələrlə Azərbaycanda olduqlarını, ölkədə gedən sürətli inkişafı, baş verən dəyişikliklərin öz gözləri ilə gördüklərini diqqətə çatdırıb. Azərbaycana səfərləri çərçivəsində Prezident İlham Əliyevlə görüşdüklərini, Milli Məclisdəki həmkarları ilə səmərəli siyası danışıqlar apardıqlarını vurğulayan xanım Karin Ştrents bu qədim diyara səfərlərindən çox məmnun qaldıqlarını, Şəkinin gözəl və möcüzəli şəhər olduğunu bildirib.
Görüşün sonunda almaniyalı qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.