Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşidə Dati: Ölkənizə hər səfərimdə yeni Azərbaycan kəşf edirəm

18 may 2015 | 15:00

Ölkənizə hər səfərimdə yeni Azərbaycan kəşf edirəm, gözəl ənənələrlə tanış oluram. Azərbaycan doğrudan da zəngin mədəniyyətə, ənənələrə malik bir ölkədir. Mən bir siyasətçi kimi danışmıram, ürəyimdən gələn sözləri deyirəm. Budəfəki səfərimdə Şəki şəhərinin yerləşdiyi regionla tanış oldum. Həqiqətən də zəngin tarixə malik gözəl şəhərdir. Şəki xanlarının sarayı çox xoşuma gəldi. Şəki həm də “İpək Yolu”nin üzərində yerləşən şəhərdir. Boynumdakı bu şərf də Şəki ipəyindən hazırlanıb.
Bu fikirləri III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin deputatı xanım Rəşidə Dati Şəkidə jurnalistlərə müsahibəsində bildirib.
Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunları ilə bağlı jurnalistlərin sualını cavablandıran xanım mer deyib: “Avropa Parlamentinin deputatı kimi, deyə bilərəm ki, şəxsən mən özüm, eləcə də bütün Avropa Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsini dəstəkləyirik. Bu uğur münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Azərbaycan bu Oyunlarla yeni bir tarix yazır. Bu tədbirə bütün Avropadan gəlirlər. Bu, onu göstərir ki, Azərbaycan yalnız bu regionda deyil, ümumilikdə bütün Avropa səviyyəsində mühüm, strateji bir ölkədir. İlk dəfə keçiriləcək Avropa Oyunları yalnız siyasi, iqtisadi baxımdan deyil, idmanın inkişafı, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsi baxımından da mühüm bir tədbirdir”.
Azərbaycanı hər zaman şərtsiz dəstəkləyən bir siyasətçi olduğunu vurğulayan xanım Rəşidə Dati daha sonra deyib: “Azərbaycana bir neçə dəfə səfər etmişəm, ölkənizi yaxşı tanıyıram. Azərbaycan istər yerli, istərsə də beynəlxalq səviyyədə milli və dini azlıqları müdafiə edən tolerant ölkədir. Həqiqətən də bu, çox vacib məsələdir. Dünyada çox az ölkə belə keyfiyyətlərə malikdir. Azərbaycan bu dəyərləri həmişə qoruyub saxlayır. Çox şadam ki, bu gün Azərbaycandayam”.

Keçidlər