Bolqarıstan Respublikasının vitse-prezidenti Şəkidən xoş təəssüratlarla ayrılıb
Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova mayın 19-da Şəki şəhərinə səfər edib.
Bolqarıstanlı qonaq əvvəlcə Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət edib. Qonağın diqqətinə çatdırılıb ki, eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan bu abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir.
Xanım Marqarita Popova məbədin həyətində çay süfrəsinə qonaq olub, kamera ansamblının konsert proqramını izləyib.
Bolqarıstan Respublikasının vitse-prezidenti sonra “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanış olub. Qonağın diqqətinə çatdırılıb ki, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. İkimərtəbəli, 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvandan ibarət olan sarayın tikintisində mismar, yapışqan və sementdən istifadə edilməyib. Sarayı bəzəyən şəbəkənin hər kvadratmetri bir-birinə geydirilmiş 5 mindən 14 minədək detal hissə və rəngli şüşədən ibarətdir.
Qonaq sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr edib.
Sonra xanım Marqarita Popova sarayın həyətində tanınmış şəbəkə ustası Tofik Rəsulovun hazırladığı sənət nümunələrinə baxıb. Qonağa şəbəkə sənətinin incəlikləri barədə məlumat verilib. Sənətkarın hazırladığı birinci Avropa Oyunlarının rəmzi - narın əks olunduğu şəbəkə kompozisiyası bolqarıstanlı qonağın xüsusilə böyük marağına səbəb olub.
Xanım Marqarita Popova Şəki xanları sarayının xatirə kitabına ürək sözlərini yazıb, abidənin önündə xatirə şəkli çəkdirib.
Səfər proqramına uyğun olaraq Bolqarıstan Respublikasının vitse-prezidenti daha sonra XVIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksinə gəlib. Məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir. Abidə xarici qonaqların ən çox üz tutduqları tarixi məkanlardan biridir. Hər il bu abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir.
Xanım Marqarita Popova Şəkidən xoş təəssüratlarla ayrılıb.