Şriftin ölçüsü :

Saytın rəngi :

Kolmar şəhərinin meri: Sevinirəm ki, Azərbaycanı Fransada olduğu kimi tanıda bilmişəm

20 may 2015 | 15:00

Şəki ilə Kolmar şəhərləri arasında bir çox oxşar cəhətlər var. Mən bunu 2013-cü ildə Şəkiyə ilk dəfə gələndə hiss etdim və elə həmin vaxtdan da bu şəhəri sevdim. Mən Şəki ilə daha yaxından tanış olandan sonra gördüm ki, şəhərlərimizin tarixi və mədəniyyətlərində də bir çox oxşarlıqlar var.
Bu fikirləri III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Şəki şəhərində dostluq və əməkdaşlıq barədə xartiyanı imzalayan Fransa Respublikasının Kolmar şəhərinin meri Jilber Meyer jurnalistlərə müsahibəsində bildirib.
Xartiyanın imzalanmasına bir çox amillərin təsir etdiyini vurğulayan Kolmar şəhərinin meri deyib: “Bildiyiniz kimi, general Şarl de Qoll vaxtilə Azərbaycanda olub. Mən isə Şarl de Qoll hərəkatının üzvü olmuşam və indi də üzvü olaraq qalıram. Bundan əlavə, mən 2013-cü ildə Şəkiyə gələrkən fransız dilini tədris edən müəllimlərin necə ürəklə çalışdıqlarını gördüm. Təbii ki, bütün bu amillər şəhərlərimiz arasında dostluq əlaqələrinin yaradılmasına təkan verdi”.
Mer bildirib ki, insanların siyasi baxışları müxtəlifdir və onlara başqa cür düşünməyi qadağan etmək olmaz. Onun rəhbərlik etdiyi meriya şurasında da 4 nəfərin müxtəlif siyasi partiyaların üzvü olmasına baxmayaraq, hamı Şəki ilə əməkdaşlığa yekdilliklə qərar verib. Jilber Meyer deyib: “Sevinirəm ki, mən Azərbaycanı, eləcə də Şəkini olduğu kimi tanıda bilmişəm və bunun sayəsində də onlar Azərbaycan ilə əməkdaşlığı böyük məmnuniyyətlə qəbul etdilər”.
Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyindən məmnun qaldığını vurğulayan Kolmar şəhərinin meri Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına da baxmağa gələcəyini bildirib. Mer vurğulayıb ki, şəhərlərimiz arasında əməkdaşlıq ona gətirib çıxardı ki, artıq Fransa şəhərlərinin nümayəndələri də Azərbaycan haqqında əsl həqiqətləri deyirlər.

Keçidlər