Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Avropa Oyunlarını izləmək üçün ölkəmizə gələcək turistləri qarşılamağa hazırdır

23 may 2015 | 15:00

Birinci Avropa Oyunlarına az bir müddət qalır. Ölkənin turizm mərkəzlərindən biri - Şəkidə də bu möhtəşəm idman bayramını böyük səbirsizliklə gözləyirlər. Oyunlar ərəfəsində və yarışların keçirildiyi günlərdə Şəkiyə xeyli sayda yerli və əcnəbi turistin gələcəyi gözlənilir.
“Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva AZƏRTAC-a müsahibəsində Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.
Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsindən bir azərbaycanlı kimi, böyük fəxarət və qürur hissi duyduğunu vurğulayan Təranə Abdullayeva qoruğun əməkdaşlarının bu möhtəşəm idman bayramına çox ciddi hazırlaşdıqlarını bildirib. Onun dediyinə görə, Oyunlar ərəfəsində Şəkiyə gələcək turistlərdə bu şəhər haqqında xoş təəssürat yaratmaq üçün qoruğun ərazisində yerləşən bütün tarixi-memarlıq abidələrinin ətrafında, o cümlədən turistlərin daha çox üz tutduqları şəhərin qədim tarixi hissəsi – XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın ərazisində səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb. Ərazidə yeni işıqlandırma sistemi quraşdırılıb.
Qoruğun direktoru bildirib ki, Avropa Oyunlarının keçirildiyi günlərdə Şəki xanlarının sarayını ziyarət edəcək yerli və xarici turistlər Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq ediləcəklər. Sarayla tanışlıqdan sonra turistlərin istəyinə uyğun olaraq, digər tarixi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur. Bu məqsədlə kiçiktutumlu avtobuslar ayrılıb. Ekskursiya zamanı turistlərlə ünsiyyət qurmaqda heç bir problem olmayacaq. Çünki bələdçilərin hər biri azı 3-4 xarici dil bilir, onlar üçün xüsusi təlimlər keçirilib.
Oyunlar ərəfəsində qoruğun iş rejimində də dəyişiklik edilib. Yəni hazırda abidələr səhər saat 8-dən axşam 22-dək turistlər üçün açıqdır. Oyunların keçirildiyi günlərdə isə, yəni iyunun 12-dən 28-dək qoruğun əməkdaşları iki növbəli iş rejimində gecə saat 24-dək çalışacaqlar.
Təranə Abdullayevanın bildirdiyinə görə, turistlərin təhlükəsizliyinin təmin olunması da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə polis işçiləri qoruğun ərazisində, həmçinin şəhərin digər hissələrində asayişin qorunmasına ciddi nəzarət edirlər. Bundan əlavə, qoruğun əməkdaşları yanğın təhlükəsizliyi və evakuasiya qaydaları barədə də maarifləndiriliblər.
Birinci Avropa Oyunlarına tam hazır olduqlarını və turistlərin yolunu gözlədiklərini vurğulayan Təranə Abdullayeva deyib: “Biz hamımız Prezident İlham Əliyevin Azərbaycan naminə gördüyü bu nəhəng işlərə var qüvvəmizlə kömək etməli, Oyunların uğurla başa çatmasına bir vətəndaş olaraq öz töhfəmizi verməliyik”.

Keçidlər